4 подписчика
Şəhid Nicat Qasımovun xatirəsi yad edildi – “Bu Zəfər şəhidlərimizin qanı bahasına qazanılıb”
Gəncədə Vətən müharibəsi şəhidi Nicat Elşən oğlu Qasımovun anım mərasimi keçirilib.
PatriotNews.com.az xəbər verir ki, Gəncə Şəhidlər Xiyabanında keçirilən mərasimdə Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov, sədr müavini Ceyhun Əliyev, İdarə Heyətinin üzvləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
Çıxış edən Eyvaz Hüseynov Nicat Qasımovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışıb, şəhid ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini vurğulayıb.
Ceyhun Əliyev çıxışında Azərbaycanın tarixi Zəfərində şəhidlərin fədakarlığının, Azərbaycan Ordusunun rəşadətinin və xalqın birliyinin mühüm rol oynadığını bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyinin Qələbənin əldə olunmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
«“Nicat kimi qəhrəman oğullarımız Vətən uğrunda canlarını fəda etdilər. Bu Zəfərin hər qarışında şəhidlərimizin müqəddəs qanı var. Bizim borcumuz onların xatirəsini yaşatmaq və şəhid ailələrinin yanında olmaqdır”, – deyə Ceyhun Əliyev bildirib.»
Mərasimdə digər çıxış edənlər də Nicat Qasımovun həyat və döyüş yolundan söz açıblar.
Sonda şəhidin ruhuna dualar oxunub, məzarı önünə gül dəstələri qoyulub və ehsan verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Fərman Əliyev
1 минута
4 октября