Quba şəhəri, Şəki və Şuşa kimi 18-19-cu əsrlərin əvvəllərində xanlığın mərkəzi olmuşdur. O, Azərbaycanın ən yaxşı təbii və iqlim zonalarından birində yaranmışdır.
Əvvəllər xanlığın mərkəzi Xudat ərazisində yerləşirdi. 1747-ci ildə Qubalı Hüseyn Əli Xan öz iqamətgahını Qubaya, qədim yaşayış məskəni yerinə köçürür. Quba Xanlığı 1806-cı ildən Rusiyanın tərkibinə daxil olur və 1846-cı ildə Quba qəza şəhəri statusu alır. Şəhər dəniz səviyyəsindən 642 m hündürlükdə, Qudyalçayın yaratdığı terrasda, çay hövzəsindən 33-34 m hündürlükdə yerləşir. Şəhərətrafı ərazi Qaraçaya qədər sıx meyvə bağları ilə örtülü olub. Şahdağın qarlı zirvələrinə baxan qərb hissəsində bağlar tədricən meşələrlə əvəzlənir.
1811-ci ilə aid qala-şəhər Qubanın yeganə baş planını əldə etməklə, onun nizamlı planlı şəhərə çevrilməmişdən əvvəl Xan dövrünə aid planlaşma strukturunu müəyyən etdik. Bu çox qiymətli tarixi plan Azərbaycanın feodal şəhərinin XVIII-XIX əsrlərin hüdudlarında yaranmış şəhərsalma quruluşunun bütün xüsusiyyətlərini üzə çıxarmağa imkan verdi. Salamzadənin “XVI-XIX əsrlərdə Azərbaycan memarlığı” (1964) kitabında qədim Bakı, Gəncə, Naxçıvan və s. şəhərlərin Rusiyaya birləşdirilən zaman rus hərbi mühəndisləri tərəfindən tərtib edilmiş planları var. Ancaq Şuşa, Şəki şəhərlərinin planlama mövqeyini müəyyənləşdirən heç bir plan yoxdur.
Buna görə də, 1811-ci il avqustun 12-də Bakı mühəndis dəstəsinin nəzdində tərtib edilmiş Quba qalasının baş planı bizə şəhərin ilkin quruluşunu və onun əsas elementlərini öyrənmək imkanı yaradır.
Qudyalçayın yuxarı terrası boyunca və qərb-şərq istiqamətlərində uzanan şəhər-qala “hündürlüyü 3 sajendən 4 sajenə, eni isə 1 sajenə qədər olan bişməmiş kərpicdən hörülmüş divar ilə əhatə olunmuşdu. Divarlar uzununa 400 sajenə qədər uzanırdı və eni 130 sajenə qədər olmaqla üç darvazası var idi.”
Şəhərin qala divarları içərisindəki planlaşdırma strukturunu sərbəst xarakterli tikililər təşkil edirdi. Bu sərbəst planlaşdırma sxemində, strukturuna ibadət yerləri - məscidlər də daxil olan ticarət cərgələri-dükanları ilə tikilmiş bir sıra əsas istiqamətverici küçələr müşahidə olunur. Şəhərin qərb hissəsi şərq hissəsinə nisbətən daha seyrək tikilmişdir. Eyni zamanda, şəhər tikililərinin Qudyalçaya doğru açılması müşahidə olunurdu. Xan Sarayı da bir tərəfdən çaya, digər tərəfdən isə Cümə məscidinin olduğu əsas meydana baxırdı.
Quba xanlarının sarayının memarlığı və planlaşdırma həlli haqqında təəssüf ki, heç bir qrafik material qorunub saxlanılmamışdır. Onun təsvirini yalnız Pyotr Butkovun yazılarında tapırıq: “Şıxəlixanovların evi bişməmiş kərpicdən tikilib və hələ üzlənməmişdir: elə otaqlar var ki, onlar tamamilə üzlənmiş və burada suvaqçıların mükəmməl sənətinə heyrətlənməmək olmur. Alebastr işi (gipsdən işlər) elə görülmüşdür ki, heyrət edilməyə layiqdir. Tavanda çiçək rəsmləri \nəbati naxışlar\ işlənmişdir.”
Baş plana əsasən, Xan sarayından, meydandan radial istiqamətdə qala qapılarına aparan müxtəlif ölçülü şəhər məhəllələrindən keçən üç əsas küçə başlanır. Məhəllələr irsi mülkiyyətindən asılı olaraq müxtəlif forma və konfiqurasiyalı planlara malikdir idi. Küçələr elə bil ki, dairəvi şəkildə qala divarları boyunca şəhərin planlaşdırma kompozisiyasını tamamlayır. Şəhərə su saxsı borular vasitəsilə çaydan verilirdi. Şəhərin qərb hissəsində, qala divarlarından bir qədər aralıda gölməçə var idi, oradan su borularla şəhər quyularına axırdı. Aşağı terrasda, Qudyalçayın sol sahilində, şəhərlə üzbəüz, sərbəst tikinti planlaşmasına malik yəhudi kəndi var idi.
1811-ci ildə Quba qalası müdafiə vəziyyətinə gətirildi. Qərb və şərq tərəflərdə divarlar fleşlərlə möhkəmləndirildi. Cənub divarının mərkəzində bastion tikilir, qlasis tökülür (torpaqdan maili maneə), qala divarları təmir olunur, darvaza qoyulur. Bununla da qalanın möhkəmləndirilməsi üzrə əsas işlər həll olunur.
Qala-şəhər Qubanın Gəncə, Şəki şəhərləri kimi, həmçinin farsların Bender-Buşir, Borucird, Kirman və s. şəhərləri kimi iç qalası yox idi. Yerli qarnizonu yerləşdirməkdən və düzgün planlaşdırılmış forştadt (bayır şəhər) yaratmaqdan ötrü qalanın ərazisindən istifadə etmək üçün onun planlaşdırma strukturunu yenidən qurmaq lazım idi.
1826-cı ildə rus-iran müharibəsi zamanı fars qoşunlarının Qubanın ongünlük mühasirəsi, 1837-ci ildə Quba üsyanı şəhərin memarlıq-planlaşdırma inkişafına heç bir təkan vermədi. Lakin buna baxmayaraq, bu istiqamətdə müəyyən işlər aparıldı. 1834-cü ildə Quba şəhərinin düzgün tikinti inkişafı üçün layihə təsdiq olunur "bu məqsədlə ki, Qubanın məhəllə və küçələrinin yerləşmə mövqeyi şəhərdəki köhnə binaların yararsız vəziyyətə düşməsi və yenidən qurulmasını tələb etməsi nəzərə alınaraq həyata keçirilsin". 1830-cu illərin sonunda şəhər möhkəmlənmiş (istehkam) qala təəssüratını bağışlamırdı, belə ki, şəhərin divarları altında dərin arxları olan bağlar salınmış və qalaların qarşısında tələb olunan esplanada (açıq sahə, boşluq) yox idi. Bu fikir qraf Vasilçikovun qeydlərində də təsdiq olunur: “Quba şəhəri o dövürdə (1837-ci il -- Ş.F.) demək olar ki, heç bir müdafiəsiz (istehkamsız) bir vəziyyətdə idi, şəhəri qoruyan divarların bir hissəsi zamanla, bir hissəsi də şəhərin planlaşdırılması zamanı dağıdılmışdı...”
Yalnız 1840-cı illərdən sonra yerli hakimiyyət möhkəmləndikdən sonra Qubanın planlaşdırılması və inkişafı tədricən mütəşəkkil xarakter almağa başladı. Kərpicdən tikilmiş binaların sayı 780-ə çatdı, yəni o vaxtkı Lənkərandakından (298) 2,5 dəfə çox idi. Şəhər daxilində yaşıllıqların, suların, meyvə bağlarının bolluğu şəhərin küçə və meydanlarının ümumi abadlığındakı çatışmamazlıqları müəyyən dərəcədə gizlədirdi. “Uzaqdan Quba şəhərə, üstəlik, mənzərəli bir şəhərə çox bənzəyir: ən uzaqda başlarını buludların arasında gizlədən dağlardan formalaşmış bir relyefdə dalğalı vadi boyunca qabırğalarını sıx meşədə gizlədən ilanvari çaylar var. Müxtəlif rəngli evlər, dördbucaqlı damları olan məscidlər, çayın sıldırım sahili boyunca dağınıq səpələnmiş bütün tikililər, evlər yaşıl ağaclarla iç-içə toxunmuş və sanki daş divarlarla əhatə olunmuşdur,” - tanınmış şərqşünas-səyyah İlya Berezin 1842-ci ildə Qubada olarkən yazmışdır. Şəhər küçə və məhəllələrinin yaxşılaşdırılması üzrə keçirilən planlaşdırma tədbirlərinə baxmayaraq, Quba, 1811-ci ilin baş planı ilə müqayisədə o qədər də dəyişməmişdi., “küçələr -Berezin yazır, - ecazkar sənətlə işlənilib və təəcübləndirici şəkildə elə qarışır ki, Qubada yolu tapmaq Londonda yolu tapmaqdan o qədər də çətin deyil.”
19-cu əsrin ikinci yarısı, əyalət yollarının yaxşılaşdırılması, kənd təsərrüfatı məhsulları və sənətkarlıq işlərinin istehsalı, xüsusən də xalçaçılığın ticarətinin inkişafı baxımından Quba üçün daha əlverişli oldu. Quba şəhəri Quba əyalətində yeganə çoxşaxəli və zəngin şəhər olmaqla “o həm daxili, həm də xarici ticarətin mərkəzi” olaraq qaldı. Hələ 1836-cı ildə digər Zaqafqaziya əyalətlərinə və Rusiya quberniyalarına kənd təsərrüfatı və sənətkarlıq məhsullarının ixracından əldə edilən bütün məbləğ 26600 gümüş rubl, idxal olunan mallar isə 136000 gümüş rubl təşkil edirdi.
Əyalətin iqtisadi imkanları Qubaya şəhər torpaqlarını 1852-ci ildə müəyyən edilmiş 2388 desyatin (1desyatin=1.09ha) genişləndirməyə imkan verdi. Şəhərin tikililəri və yəhudi qəsəbəsi 104 desyatin ərazini, meşələr, kolluqlar və əkin sahələri 1138 desyatin, çaylar və yollar üçün əlverişsiz ərazi 200 desyatin, qalanları isə bağların altında, hansı ki, kənd təsərrüfatı və sənayenin əsasını təşkil edirdi.
Quba şəhəri də həmin illərdə Bakı kimi qalanın ərazisi ilə müəyyən edilirdi ki, burada forştadt (bayır şəhər) şəhərətrafı sayılırdı. Lakin burada, Bakıdan fərqli olaraq, planlaşdırılmada aparılan köklü rekonstruksiya nəticəsində qala ərazisi əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Düzbucaqlı məhəllələri və maraqlı tikililəri olan rahat və düzgün planlaşdırılmış, yaxşı üzlüklə üzlənmiş doqquz küçə meydana çıxdı. Keçmiş xan sarayı, baş meydan istiqamətində şəhərin ticarət və işgüzar hissəsinin cəmləşdiyi ərazidə 300 sajen (1sajen=4.55kv.metr) ölçüsündə bazar meydanı əmələ gəldi. Beləliklə, şəhərin yeni planlaşdırma məzmununda ərazinin tarixi topoqrafiyası uğurla istifadə edilərək şəhər mərkəzinin seçimini və onun əsaslı binalarla sonrakı inkişafını təyin etdi.
Artıq 1860-cı illərin əvvəllərində meydanın şimalında, həyətində, köhnə məscidin yerində, şəhərin yeni əsas istinad elementi olan hündür dəbilqəşəkilli gümbəzi olan səkkizbucaq formalı Cümə məscidi yerləşən geniş karvansara inşa edilmişdi. Karvansara ilə üzbəüz, yəni meydanın cənub hissəsində görkəmli Azərbaycan tarixçisi, polkovnik Abbasqulu ağa Bakıxanovun qardaşı general-mayor Cəfərqulu ağa Bakıxanovun evi yerləşirdi. Bakıxanovun evinin arxasında yuxarıda qeyd ediləndən daha geniş və yeni karvansara var idi. Meydanın qərb və şərq hissələrini meyvə dükanları tuturdu. Meydanın həcm-məkan kompozisiyasını əsasən ictimai və yaşayış əhəmiyyətli iri tikililər ifadə edirdi.
Mərkəzdən keçən əsas şəhər küçəsi Bakı darvazasından başlayıb, Əmsər (cənub) qapısına qədər davam edirdi. Burada həm də mahal idarəsinin iri binaları, apteklər, yerli zənginlərin evləri yerləşirdi. Məhəllələrin düzbucaqlı şəbəkəsinin (bölgüsünün) formalaşdığı mərkəzi meydanı olan bu küçə şəhərin şəhərsalma əsasını təşkil edirdi.
Maraqlıdır ki, məhəllələrdəki evlər Bakının kapitalizm dövründə olduğu kimi bir-birinə bitişik, ara buraxılmadan tikilmişdir. 1850-ci illərin sonlarında Qubanın planlaşdırılmasını tənzimləmək üçün Şamaxıdan memar dəvət olunur. Onun fəaliyyəti məhəllələrin müəyyən dərəcədə plan üzrə tikintisinin əsasını qoydu. Evlər ara məsafəsi buraxılmaqla geniş həyətlərlə tikilməyə başlandı. Küçələr yarı avropa memarlıqlı böyük pəncərəli fasadlarla bəzədilir ki, bu da şəhər məhəllələrinin salınması keyfiyyətini dərhal yaxşılaşdırdı. Bununla yanaşı, qonşu binaların yeni memarlığı ilə heç bir harmoniya təşkil etməyən, fasadlarında yalançı pəncərələr olan boş divarlı evlər hələ də qalırdı.
Qubanın forştadtına (şəhərətrafına) gəlincə, Bakıda dəqiq planlaşdırılmış və düzbucaqlı məhəllələrdən fərqli olaraq, o planlaşdırma və tikintidə müəyyən sistem olmadan xaotik şəkildə inkişaf edirdi. Yalnız 1860-cı illərin əvvəllərində forştadtda birmərtəbəli evlərlə tikilmiş iki küçədən ibarət mütəşəkkil planlı məhəllələr meydana çıxdı. Quba qarnizonunun kazarmaları da həmin ərazidə yerləşirdi. Qudyalçayın yaxınlığında kazarmanın bir hissəsini təşkil edən qapalı qəsəbə (xutor) yerləşir. Şəhərin ətrafında bağlarla əhatə olunmuş, Quba əyalətinin görkəmli ailələrinin məqbərələri olan qəbiristanlıqlar var idi. Konstantinov yazırdı – “Quba coğrafi mövqeyinə görə, iqlimi və yaşayışın ucuzluğu, xüsusən də sadə insanların həyatı üçün xəzəryanı şəhərlər arasında birinci ola bilər ....“. Qubanın inkişafı ilə (Q.X - yəhudi) qəsəbəsi də inkişaf edirdi, lakin onların arasında sıx əlaqə Qudyalcay üzərində daimi körpünün olmaması səbəbindən çətin idi. 1851-ci ildə 126 sajen uzunluğunda svaylar üzərində möhkəm bir ağac körpü tikilir.
Zaqafqaziya qəza şəhərlərində tikintinin ümumi səviyyəsini yüksəltmək üçün 1863-cü ildə, o cümlədən Nuxada, Lənkəran, Şamaxı və Qubada tikinti komitələri yaradıldı. Daha sonra şəhər memarları vəzifələri müəyyən edildi, onlar sonradan şəhərlərin memarlıq-tikinti sektoruna rəhbərlik edərək inşa olunan tikililərin keyfiyyətinin yüksəldilməsinə töhfə verdilər. Onlar layihələri əyalət mərkəzlərində təsdiq edilmiş şəhər binalarının yeganə layihəçiləri idi. Memar bütün layihə işlərini əlində cəmləyir, şəhər tikililərinin ümumi üslub xüsusiyyətlərinə tamlıq gətirirdi. Binalara fərdilik yaradıcılığına xalq memarlığı ənənələri siraət eləmiş Fərzəli Səfər oğlu (1871), Məmməd Bağır Səfər oğlu (1873) kimi yerli usta-inşaatçılar tərəfindən verilirdi.
1868-ci ildən sonra Zaqafqaziya diyarında hərbi qalalar ləğv ediləndə bir çox şəhərlərdə tədricən qala divarları dağıdılır, xəndəklər doldurulur, köhnə ərazilər (qalanın iç hissəsi) forştadtlarla (şəhərətrafı ərazilərlə) birləşməyə başlayır ki, bu da vahid şəhər orqanizminin formalaşmasına kömək edir. Bu vəziyyət Quba şəhərinə də siraət etdi. 1870-ci ildə əlavə məhəllələrin planlaşdırılması layihəsini tərtib etmək üçün Qubanın situasiya planı çəkildi.
XIX-XX əsrlərin qovşağında nəhayət ki, Qubanın memarlıq-planlaşma strukturu Qudyalçaya paralel və perpendikulyar yerləşən düz küçə və məhəllələrin nizamlı şəbəkəsi ilə formalaşdı. Bu bölgü ilə 1811-ci ilin baş planına əsasən bizə məlum olan qədim şəhər planlaşma şəbəkəsi tamamilə yox oldu.
XX əsrin əvvəllərində Qubanın böyüməsi və inkişafı 1830-cu illərlə müqayisədə diqqəti çəkir. Aşağıdakı məlumatlardan da göründüyü kimi, əhalinin artım dinamikası və bu dövrdə tikilmiş binaların sayı çox əhəmiyyətli dərəcədə artımlıdır:
Quba şəhər əhalisinin artım dinamikası
1823-cü il - 1000 nəfər
1823-cü il - 6501 nəfər (Qubada 3830, qəsəbədə 2671)
1840-cı il - 3295 nəfər
1843-cü il - 4187 nəfər
1850-ci il - 4500 nəfər
1852-ci il - 9145 nəfər (qəsəbənin əhalisi ilə bir yerdə)
1854-cü il- məlumat yoxdur
1857-ci il - 7907 nəfər
1865-ci il - 10683 nəfər
1874-cü il - 11313 nəfər
1891-ci il - 16317 nəfər
1901-ci il - məlumat yoxdur
1904-cü il - 15346 nəfər
1906-cı il - 25892 nəfər
1908-ci il - 25946 nəfər
Ev və dükanların sayı
1836-cı il - 645 ev, 5 dini tikili, 155 dükan
1840-cı il - 283 dükan
1843-cü il - 780 ev,163 dükan
1850-ci il - 800 ev
1852-ci il - 1044 kərpic ev, 131 taxta ev, 38 böyük, 560 kiçik dükan.
1864-cü il - 1219 kərpic ev, 303 taxta ev, 360 dükan, 4 hamam, 3 məscid.
Bütün bu məlumatlar göstərir ki, Quba şəhəri Azərbaycanın digər kiçik şəhərləri kimi nəzərdən keçirilən dövrdə intensiv inkişaf etmişdir. Təbii şəraitinə və sosial-iqtisadi imkanlarına görə, Quba ölkənin inkişaf etmiş və perspektivli şəhərlərindən ola bilərdi, əgər ki, qeyd olunduğu kimi, XIX əsrin sonlarında onu Bakı və Petrovski (Q.X. - Mahaçqala) ilə və ümumrusiya bazarı ilə birləşdirən dəmir yolu xətti çəkilsəydi.
Mənbə
Bütün yazı bu mənbəyə istinad edir: Фатуллаев, Ш. С. Градостроительное развитиегорода Кубы в конце XVIII и XIX вв. Баку. 1974.
Əlavələr
🔅 Qeyd 1: Xəritənin Google Earth üzərində yenidən hazırlanması qubalı memarın rəyi və birbaşa iştirakı ilə aparılıb.
🔅 Qeyd 2: Allah bu işin ərsəyə gəlməsində xidməti keçən bütün şəxslərdən razı olsun! Uca Allah mərhum memar Şamil Fətullayevə rəhmət eləsin!
Telegram-da "Quba Xanlığı" səhifəsinə abunə olmaq üçün bu bağlantıya keçid et.