Найти в Дзене
Fuad Sherifov

Serenata di Calcio 18

Milad bayramı və Yeni ildən sonra İtaliya A Seriyasında 18-ci turun qarşılaşmaları baş tutub. Keçirilən on oyunun ikisində bərabərlik qeydə alınıb, beş oyunda qonaqlar, üç oyunda isə ev sahibləri qələbəyə sevinib. Ümumilikdə qapılara 26 qol (orta hesabla hər oyuna 2,6 qol) vurulub. Turun sadəcə bir görüşündə ("Milan" - "Sampdoriya") qol səsi çıxmadı.

"Torino” 2007-ci ilin may ayından bəri ilk dəfə çempionat oyununda "Roma”nı səfərdə məğlub etməyi bacardı. Buna qədər "turinlilər" 9 səfər qarşılaşmasının hamısından məğlub ayrılmışdı. "Roma” 2013-cü ilin fevral ayından sonra ilk dəfə çempionat oyununda qapıya minimum 30 zərbə endirməsinə baxmayaraq, qol vura bilmədi. Digər Roma təmsilçisi "Latsio” isə tarixində ikinci dəfə ardıcıl 9 oyunda qələbəyə sevindi. Onlar ilk dəfə bu göstəriciyə Sven-Yöran Eriksson ilə 1998/99 mövsümündə nail olmuşdular.

-2

Çempionatın liderlərindən biri - "İnter” 1997-ci ilin oktyabr ayından sonra ilk dəfə çempionat oyununda "Napoli”ni öz meydanında məğlub etməyi bacardı. Bu həm də onların baş məşqçisi Antoni Kontenin A Seriyasında 145-ci qələbəsi idi. Bu, son 25 ilin rekordudur. Liderə məğlub olan "Kalyari” 2009-cu ildən "Yuventus”a qalib gələ bilmir: 15 məğlubiyyət. Onlar həm də 11 oyundan sonra ilk dəfə səfərdə qol vurada bilmədilər. Yüksək məhsuldarlıq nümayiş etdirən "Atalanta” cari mövsüm vurduğu qolların sayını 46-ya çatdırmaqla "Yuventus”un 1959/60 mövsümündəki göstəricisini təkrarladı. "Berqamolular" həm də ardıcıl 5 oyundur ki, "Parma”ya məğlub olmur. Digər Lombardiya təmsilçisi "Milan” isə 2018-ci ilin dekabr ayından sonra ilk dəfə ardıcıl 3 çempionat oyununda qapılara yol tapa bilmir.

"Bolonya” 2013-cü ildən öz meydanında "Fiorentina”ya qalib gələ bilmir: 4 bərabərlik, 7 məğlubiyyət. Buna baxmayaraq, "Bolonya” 2002-ci ilin fevral ayından sonra ilk dəfə ardıcıl 12 oyunda qol vurmağı bacarır. SPAL ilk dəfə A Seriyasında "Verona”ya məğlub oldu. "Veronalılar" ardıcıl 8 görüşdə qol vurmaqla yanaşı, 1984/85 mövsümündən sonra ilk dəfə çempionatın ilk dövrəsində minimum 3 qələbə qazanmağı bacarıb. Maraq üçün qeyd edim ki, həmin mövsüm "Verona” tarixində ilk və yeganə "skudetto”nu qazanmışdı. "Cenoa” nəhayət 8 matçlıq qələbəsizlik seriyasını qırmağı bacardı. Bu tur "Sassuolo”nun səfərdə 5 oyundan ibarət məğlubiyyətsiz seriyası da başa çatdı. "Leççe” isə çempionatda ardıcıl 3 oyunda məğlub olmaqla cari mövsümün ən zəif göstəricisinə sahib oldu.

A Seriyasının 18-ci həftəsində qeydə alınan nəticələr:

"Breşiya” – "Latsio” 1-2

SPAL – "Verona” 0-2

"Cenoa” – "Sassuolo” 2-1

"Roma” – "Torino” 0-2

"Bolonya” – "Fiorentina” 1-1

"Atalanta” – "Parma” 5-0

"Yuventus” – "Kalyari” 4-0

"Milan” – "Sampdoriya” 0-0

"Leççe” – "Udineze” 0-1

"Napoli” – "İnter” 1-3

Keçirilən oyunlarda hakimlər kobudluqlar səbəbindən 57 dəfə əllərini ciblərinə salmalı olublar. Göstərilən vərəqələrdən 54-ü sarı, 3-ü isə qırmızı olub. "Breşiya" - "Latsio" və "Cenoa" - "Sassuolo" matçlarının hər birində hakimlər biri qırmızı vərəqə olmaqla, ümumilikdə futbolçulara 10 vərəqə göstəriblər. Ən az vərəqə isə Pyero Cakomellinin "Aliants Arena”da idarə etdiyi oyunda qeydə alınıb. Belə ki, bu görüşdə hakim hər iki komandadan cəmi bir nəfər sarı vərəqə ilə cəzalandırıb. 

Keçirilən 10 oyunu ümumilikdə 282 min 987 nəfər (orta hesabla hər oyuna 28 min 299 azarkeş) azarkeş izləyib. Bu, cari mövsümdə 9-cu həftədən (285 mindən artıq) sonra ikinci ən yüksək göstəricidir. Ən çox azarkeş "San Siro”da, ən az azarkeş isə "Paolo Matsa”da, SPAL və "Verona” komandalarının qarşılaşmasında qeydə alınıb. Stadionun ümumi həcminə görə əsl anşlaq "Aliants arena”da müşahidə olundu. Yerlərin 98%-i dolmuşdu.

Çempionatın 18-ci həftəsində qeydə alınan azarkeş statistikaları:

"Breşiya” – "Latsio” – 14 370 (74%)

SPAL – "Verona” – 14 078 (87%)

"Cenoa” – "Sassuolo” – 21 033 (58%)

"Roma” – "Torino” – 38 954 (53%)

"Bolonya” – "Fiorentina” -  22 653 (59%)

"Atalanta” – "Parma” – 19 217 (90%)

"Yuventus” – "Kalyari” – 40 598 (98%)

"Milan” – "Sampdoriya” – 58 572 (74%)

"Leççe” – "Udineze” – 21 321 (63%)

"Napoli” – "İnter” – 31 191 (52%)

-3

A Seriyasının 18-ci turu Zlatan İbrahimoviçin yenidən İtaliyaya, "Milan”a qayıtması ilə yadda qaldı. Futbolçu 2794 gündən sonra ilk dəfə İtaliya çempionatında meydana çıxdı. 18 oyuna 14 qolla "İnter”in bombardiri olan Romelu Lukaku çempionatın analoji dövrü üçün 13 qolla rekorda sahib olan Kristian Vyerini qabaqlamış oldu. Həmçinin o, Lautaro Martines ilə birlikdə səfər oyunlarında vurduqları qolların sayını 16-ya çatdırmaqla Avropanın "top-5” çempionatlarında ən yüksək göstəriciyə nail oldu.

-4

Arkadiuş Milik Avropanın ən güclü liqalarında minimum 10 oyuna vurduğu 7 qolla ən yüksək göstəriciyə sahib yeganə futbolçudur. Ronaldu karyerasında 36-cı het-trikini etməklə 2008-ci ilin yanvar ayından sonra bunu ən çox edən futbolçu oldu. O, həmçinin "Yuventus” forması ilə ilk dəfə ardıcıl 5 matçda fərqlənməyi bacardı. Çempionatın 19 qolla bombardiri olan Çiro İmmobile bu göstəriciyə 18 görüşdə nail olub. Ona qədər "qartallar”ın çempionatdakı ən yüksək göstəricisi 1959-cu ildə 17 oyuna 18 qol vurmuş Ancelilloya məxsus idi. Həmin mövsümün sonunda onun qollarının ümumi sayı 33-ə bərabər olmuşdu.

Ardı var...