İtaliya A Seriyasında 14-cü turun oyunları baş tutub. Keçirilən görüşlərin yalnız birində bərabərlik qeydə alınıb. Digər 9 oyunun 6-da qonaqlar, 3-də isə ev sahibləri qələbəyə seviniblər. Ümumilikdə qapılara 30 qol vurulub ki, bu da hər oyuna orta hesabla 3 qol deməkdir. Turun ən məhsuldar matçı "Sardiniya" arenada baş tutub. "Kalyari" - "Sampdoriya" qarşılaşmasında qapılara 7 qol vurulub. Ən əsası - bu həftə turnir cədvəlində lider dəyişikliyi baş verdi. Belə ki, "Yuventus" doğma meydanda "Sassuolo" ilə bərabərliyə razı olduğu halda, "İnter" SPAL-ı məğlub edərək 1-ci pilləyə yüksəldi.
Bununla da çempionatlar tarixində birinci dəfə mövsümün ilk 14 oyununda 12 qələbə qazanan "İnter" klub rekordunu yeniləyib. "Yuventus" isə cari mövsümdə ilk dəfə "Aliants" arenada xal itkisi ilə üz-üzə qaldı. Bu stadionda baş tutan oyun daha bir maraqlı statistika ilə yadda qalıb. Belə ki, görüş cari çempionatın ən yaşlı qapıçısı Buffon və ən gənc qapıçısı Turatinin qarşılaşması baxımından əlamətdar oldu. Onların arasındakı yaş fərqi 23-ə bərabərdir.
"Roma" bu tur 3 xal qazanmaqla çempionatlar tarixində 400-cü səfər qələbəsini əldə etdi. Enişdə olan "Napoli" 6 oyundu qələbəyə həsrətdir. Bu, Karlo Ançelottinin "top-5" çempionatlarda çalışdırdığı komandalar arasında 2010-cu ildən sonra ən uzun qələbəsizlik seriyasıdır. "Leççe" cari mövsümdə səfərdəki qələbələrinin sayını 3-ə çatdırıb. "Sarı-qırmızılar" Avropanın "top-5" çempionatlarında çıxış edən komandalar arasında qələbələrini yalnız səfərdə qazanan dördüncü (digərləri: "Espanyol", "Breşiya" və "Votford") klubdu.
A Seriyasının 14-cü həftəsində qeydə alınan nəticələr:
"Breşiya" - "Atalanta" 0-3
"Cenoa" - "Torino" 0-1
"Fiorentina" - "Leççe" 0-1
"Yuventus" - "Sassuolo" 2-2
"İnter" - SPAL 2-1
"Latsio" - "Udineze" 3-0
"Parma" - "Milan" 0-1
"Napoli" - "Bolonya" 1-2
"Verona" - "Roma" 1-3
"Kalyari" - "Sampdoriya" 4-3
Kifayət qədər az kobudluğun qeydə alındığı turda hakimlər vərəqə üçün 45 dəfə (orta hesabla 4,5) əllərini ciblərinə salmalı olublar. Onlardan 44-ü sarı, 1-i isə qırmızı vərəqə olub. Yeganə qırmızı vərəqə Davide Massanın idarə etdiyi "Cenoa" - "Torino" matçında qeydə alınıb.
Ümumilikdə bu tur oyunları stadionlardan 278 min 815 nəfər azarkeş izləyib. Bu, matç başına orta hesabla 27 min 881 nəfər tamaşaçı deməkdir. Ən çox azarkeş (61 min 221 nəfər) yenidən "İnter"in "Cuzeppe Meatsa" arenasında qeydə alınıb. "Breşiya" - "Atalanta" oyunu üçün "Mario Riqamonti"yə toplaşanların sayı isə 14 min idi. Bu, turun ən aşağı göstəricisidi.
Çempionatın 14-cü həftəsində qeydə alınan azarkeş statistikaları:
Ardı var...