Найти в Дзене
Fuad Sherifov

Serenata di Calcio 12

A Seriyasının 12-ci turunun oyunları Avro-2020-nin seçmə mərhələsi ilə əlaqədar yaranacaq fasilə ərəfəsinə təsadüf edirdi. Bu həftə çempionatda ümumilikdə 27 qol (orta hesabla hər oyuna 2,7 qol) vuruldu. Oyunların altısında ev sahibləri, birində qonaqlar qələbə qazandığı halda, üç matçda bərabərlik qeydə alındı. O qədər də məhsuldar olmayan həftənin üç görüşündə ümumiyyətlə qol vurulmadı. Bunlardan biri "Napoli" - "Cenoa" qarşılaşması idi. Ev sahibləri doğma meydanlarda ikinci dəfə fərqlənə bilmədilər. Halbuki ötən mövsümün tamamında belə oyunların sayı cəmi iki idi.

"İnter” 1997/98 mövsümündən sonra, ikinci dəfə çempionatın ilk 12 oyununun hər birində qol vurmağı bacardı. Turun ən məhsuldar görüşü Sardiniyada baş tutdu və 7 qol vuruldu. Bununla yanaşı, "Kalyari” A Seriyası tarixində ilk dəfə bir oyunda 5 fərqli futbolçu ilə bu qollara imza atdı. Bu oyunun və həftənin qəhrəmanı isə 3 ötürmə və 1 qolla yadda qalan Raca Nainqqolan oldu. Turnir cədvəlinin liderləri "Yuventus” (9 oyunda) və "İnter” (7) "top-5” liqalarda minimal fərqlə ən çox qələbə qazanan komandalardır. "Milan” ilk 12 oyunda 11 qol vurub ki, bu da komandanın 1994/95 mövsümündən sonra ən aşağı göstəricisidir. "Sampdoriya” "top-5” liqalarda hələlik ilk hissələrdə qol vura bilməyən yeganə komandadır. Yeddi ardıcıl oyunda məğlubiyyətin nə olduğunu bilməyən "Latsio” 2015-ci ilin aprelindən sonra ilk dəfə 7 ardıcıl oyunda minimum 2 qola imza atıb.

Çempionatın 12-ci həftəsində qeydə alınan nəticələr:

"Sassuolo” – "Bolonya” 3-1

"Breşiya” – "Torino” 0-4

"İnter” – "Verona” 2-1

"Napoli” – "Cenoa” 0-0

"Kalyari” – "Fiorentina” 5-2

"Latsio” – "Leççe” 4-2

"Sampdoriya” – "Atalanta” 0-0

"Udineze” – SPAL 0-0

"Parma” – "Roma” 2-0

"Yuventus” – "Milan” 1-0

A Seriyasının 12-ci turu kobudluqlarla zəngin idi. Bu həftə hakimlər futbolçulara 59 (orta hesabla 5,9) vərəqə göstərib. Onlardan 57-nin rəngi sarı, ikisinin rəngi isə qırmızı olub. Cari mövsüm çempionatın ilk 12 həftəsində 57 penalti təyin olunub və bu 2004/05 mövsümündən sonra rekorddur. Keçirilən "Breşiya” – "Torino” oyununda hakim Marko Quida ev sahibi komandanın qapısına iki dəfə penalti zərbəsi təyin edib. Hər ikisini qola çevirən Belotti, həmçinin komandasının 2008-ci ildən sonra ("Recina” ilə oyun) ilk dəfə bir çempionat oyununda 2 penaltiyə imza atıb. 

10 oyunu ümumilikdə 267 min 579 nəfər (orta hesabla 26 min 757 nəfər) azarkeş izləyib. Stadionun tutumuna görə əsl anşlaq Sardiniyada yaşanıb. Stadionda yerlərin 100%-i dolub. Ən çox azarkeş "Cuzeppe Meatsa”ya toplaşıb: 66 min 202 nəfər. Ən az azarkeş isə "Mapey Arena”da "Sassuolo” və "Bolonya” arasındakı qarşılaşmada qeydə alınıb – 13 min 184 nəfər.

A Seriyasının 12-ci həftəsində qeydə alınan azarkeş statistikası:

"Sassuolo” – "Bolonya” – 13 184 (55%)

"Breşiya” – "Torino” – 13 500 (69%)

"İnter” – "Verona” – 66 202 (83)

"Napoli” – "Cenoa” – 22 947 (38%)

"Kalyari” – "Fiorentina” – 16 316 (100%)

"Latsio” – "Leççe” – 35 000 (48%)

"Sampdoriya” – "Atalanta” – 19 799 (54%)

"Udineze” – SPAL – 21 621 (86%)

"Parma” – "Roma” – 18 532 (66%)

"Yuventus” – "Milan” – 40 478 (97%)

Mauritsio Sarrinin komandası keçirdiyi ilk 16 oyunda məğlub olmayıb və 13 oyunda qələbə qazanıb. Bu göstəriciyə görə o, yalnız 1949/50 mövsümündə "bionkonerilər”i çalışdıran Cessi Karverdən (14 qələbə, 2 bərabərlik) geri qalır. "Yuventus" - "Milan" oyunu bir sıra maraqlı statistikalarla yadda qaldı. Belə ki, vurduğu qolla komandasına qələbə qazandıran Paulo Dibala A Seriyasında "Latsio” və "Udineze” ilə yanaşı, ən çox qol vurduğu komandalar sırasına "Milan”ın adını da əlavə etdi – 7 qol. O, bu oyunda 55-ci dəqiqədə Ronaldunun əvəzinə meydana daxil olmuşdu. Bu, Kriştianunun cari mövsümdə ardıcıl ikinci oyunda əvəzlənməsi demək idi.

Miraləm Pyaniç üçün sözügedən oyun əlamətdar idi. Belə ki, o, "Yuventus”a keçəndən sonra (2016/17) ağ-qara forma ilə ən çox oyun keçirən futbolçu oldu – 150 oyun. "Milan” isə "Aliants” stadionunda 9-cu dəfə məğlub olmaqla bu meydanda ən çox məğlubiyyət ünvanına sahib olan komanda oldu. Hər tur qollarını sıralamaqda davam edən, çempionatın bombardiri Çiro İmmobile isə A Seriyasında oktyabr ayının ən yaxşı futbolçusu seçildi.

Ardı var...