Həftə içi avrokuboklarda yaranan fasilə səbəbilə İtaliya A Seriyasında 10-cu turun oyunları baş tutdu. Azarkeş baxımından ötən həftələrlə müqayisədə stadionlarda kasadlıq olsa da, məhsuldarlıq barədə eynisini demək olmaz. Baş tutan 10 oyunda ümumilikdə 30 qol vuruldu və bu, hər oyuna orta hesabla 3,0 qol deməkdir. Görüşlərin 4-də ev sahibləri, 4-də qonaqlar qələbəyə sevindikləri halda, iki matçda bərabərlik qeydə alındı. Cari mövsüm xüsusi məhsuldarlığı ilə seçilən "Atalanta" 10 oyunda 30 qola imza atmaqla "Milan"ın 1992-ci ildəki rekordunu təkrarladı. "Udineze" isə antirekorda imza ataraq "Bari"dən sonra (1948-ci il) ilk dəfə A Seriyasında 4 gün ərzində qapısında minimum 11 qol görən ikinci komanda oldu. "Latsio" və "Roma" isə eyni turda keçirdikləri fərqli oyunlarda minimum 4 qolla qazandıqları qələbələrin sayını üçə çatdırdılar (1999/00 mövsümü 9-cu tur, 2016/17 23-cü tur).
10-cu turda qeydə alınan nəticələr:
"Parma" - "Verona" 0-1
"Breşiya" - "İnter" 1-2
"Napoli" - "Atalanta" 2-2
"Kalyari" - "Bolonya" 3-2
"Yuventus" - "Cenoa" 2-1
"Latsio" - "Torino" 4-0
"Sampdoriya" - "Leççe" 1-1
"Sassuolo" - "Fiorentina" 1-2
"Udineze" - "Roma" 0-4
"Milan" - SPAL 1-0
Kobudluqlar baxımındanda kifayət qədər "məhsuldar" həftədə hakimlər ümumilikdə 64 dəfə vərəqə üçün əllərinə ciblərinə salmalı oldular. Onlardan 58-i sarı (orta hesabla hər oyuna 5,8), 6-sı isə (orta hesabla 0,6) qırmızı vərəqə idi. Ən çox vərəqə 3 qırmızı vərəqənin qeydə alındığı "Yuventus" və "Cenoa" arasındakı matça təsadüf etdi. Oyunu idarə edən hakim Antonio Qyuo ümumilikdə 9 dəfə vərəqə üçün əlinə cibinə saldı. Daha bir hakim qalmaqalı "San Paolo"da baş verdi. Referi "Atalanta"nın bərabərlik qolu ilə yekunlaşan epizodda "Napoli" futbolçusuna qarşı "berqamoluların" cərimə meydançası daxilindəki kobudluğuna göz yumdu və VAR-a müraciətdən imtina etdi. Qoldan sonra hakim "neapollu"ların kütləvi etirazına məruz qaldı. Son olaraq, aranı sakitləşdirməyə çalışan baş məşqçi Karlo Ançelotti və köməkçisi müəmmalı şəkildə qırmızı vərəqə alaraq meydandan qovuldular. Matçı idarə edən Pyero Ciakomellinin qərəzli qərarlara görə cəzalanacağı gözlənilir. Ardıcıl qələbələri sıralayan "Roma" isə cari mövsüm ikinci dəfə oyunu bir oyunçu azlıqda keçirməsinə baxmayaraq, qələbə qazanmağı bacardı. İlk belə hal "Bolonya"ya qarşı oyunda baş vermişdi.
Həftə içi baş tutan turda azarkeşlərin ümumi sayına görə mövsümün ən aşağı ikinci göstəricisi qeydə alındı. Belə ki, oyunları ümumilikdə 235 min 904 nəfər azarkeş stadiondan izlədi. Ənənəvi olaraq, ən çox azarkeş yenidən "San Siro"da qeydə alındı. Stadionun ümumi tutumuna görə əsl anşlaq isə həmişəki kimi "Sardiniya arena"da yaşandı. Tribunaların 99%-i dolmuşdu.
10-cu turda müşahidə olunan azarkeş statistikası:
"Parma" - "Verona" - 14 638 (52%)
"Breşiya" - "İnter" - 16 500 (85%)
"Napoli" - "Atalanta" - 30 061 (50%)
"Kalyari" - "Bolonya" - 16 076 (99%)
"Yuventus" - "Cenoa" - 39 115 (94%)
"Latsio" - "Torino" - 20 500 (28%)
"Sampdoriya" - "Leççe" - 18 685 (51%)
"Sassuolo" - "Fiorentina" - 10 000 (42%)
"Udineze" - "Roma" - 23 854 (95%)
"Milan" - SPAL - 46 475 (58%)
Fərdi göstəricilərə gəlincə, "Latsio"nun yarımmüdafiəçisi Luis Alberto cari mövsüm eyni futbolçuya (İmmobile) qol ötürmələri etməsinə görə ən yaxşı göstəriciyə sahibdir. Bu ötürmələrin sayı hələlik 4-dür. Çiro İmmobile özü isə ötən ilki kimi, ilk 10 oyunda minimum 12 qola imza atıb. Bu son 10 mövsümün ən yaxşı şəxsi göstəricisidi. Kriştianu Ronaldu isə 2018-ci ilin aprel ayından sonra ilk dəfə 90-cı dəqiqədə penaltidən qola imza atdı. O, sonuncu belə qolu "Real"la oyunda vurmuşdu. Ardıcıl 13 oyundu komandası qol vurmağı bacaran Antonio Konte klub tarixində buna nail olan ilk baş məşqçi kimi tarixə düşdü. Qarşısına şəxsi oyun statistikası rekordlarına imza atmağı qoyan Buffon son həftə keçirdiyi oyunla klubun əfsanəsi Del Pyeronun "Yuventus" forması ilə keçirdiyi oyun sayına çatdı. Hər iki futbolçuda matçların sayı 513-ə bərabərdir.
Son həftələrdə çoxlu tənqidlərə məruz qalan Suso A Seriyasında ilk dəfə əvəzetmədən oyuna daxil olmaqla qol vurub, "Milan"a uğursuz nəticələrdən sonra qələbə qazandırdı. Son həftələr yaxşı nəticələrlə yadda qalan "Parma" sürpriz şəkildə öz meydanında "Verona"ya məğlub oldu. Oyun ərzində "Parma" futbolçuları 20 dəfə rəqib qapısına zərbə endirsə də, qol vurmağa müəssər olmadılar. Bu, komanda üçün son 4 ilin rekord göstəricisidi. "İnter"in cari mövsümdə iki futbolçusu - Lukaku və Martines minimum 5 qola imza atıblar. Sonuncu dəfə ilk 10 həftədən sonra belə statistikaya 2012/13 mövsümündə Dieqo Milito və Kassano cütü nail olmuşdu.
Ardı var...