Найти тему
Fuad Sherifov

Serenata di Calcio 6

Həftə ortası baş tutan turdan fərqli olaraq, A Seriyasının altıncı həftəsi məhsuldarlığı ilə seçilir. Belə ki, 10 oyunda toplam 31 qol (hər oyun orta hesabla təxminən 3 qol) vuruldu. Ən məhsuldar matçlarda qolların sayı 5-ə çatırdı. Ümumilikdə, bu həftə keçirilən oyunların beşində ev sahibləri, dördündə qonaqlar qələbəyə sevindi. Bir oyunda isə bərabərlik qeydə alındı:

"Yuventus" - SPAL - 2:0

"Sampdoriya" - "İnter" - 1:3

"Sassuolo" - "Atalanta" - 1:4

"Napoli" - "Breşiya" - 2:1

"Leççe" - "Roma" - 0:1

"Udineze" - "Bolonya" - 1:0

"Latsio" - "Cenoa" - 4:0

"Kalyari" - "Verona" - 1:1

"Milan" "Fiorentina" - 1:3

"Parma" - "Torino" - 3:2

A Seriyasına yenidən qayıdan Mario Balotelli "Napoli" ilə matçda mövsümdəki qol hesabını açdı. Daha sonra "Parma"nın yeni tapıntısı Deyan Kulusevki vurduğu qolla cari mövsüm A Seriyasında ən tez (1-ci dəqiqənin 19-cu saniyəsi) qola imza atan gənc futbolçu kimi yadda qaldı. O, həm də bu il komandasının 4 qolunda (1 qol, 3 ötürmə) iştirak etdiyi üçün Avropanın "top-5" liqalarında çıxış edən gənc futbolçuların statistikasında hələlik liderdir. Ötən mövsümdəki kimi, cari mövsümdə də penalti zərbələrindən qollarını sıralayan, "Fiorentina"nın yeni transferi Erik Pulqar bu həftə də adətini pozmadı. O, 2019-cu ildə "top-5" liqalarda 11 m.-lik zərbələrdən sonra ən çox qol vuran (8 qol) futbolçudu.

Daxili arenada ötənilki uğurunu daha da yaxşılaşdırmaq yolunda addımlayan "Atalanta" 2001-ci ilin yanvar ayında "Udineze" ilə oyundan sonra, ilk dəfə çempionat oyununun ilk hissəsində dörd qola imza atdı. Turnir cədvəlinin şəriksiz lideri olan "İnter"in liderinə çevrilən Stefano Sensi isə bu mövsüm komandasının vurulan qollarında ən çox iştirak edən futbolçudur: 5 qolun üçündə birbaşa icraçı olduğu halda, ikisində məhsuldar ötürmə ilə yadda qalıb. "Napoli"nin "ağır artilleriyası" Dris Mertens isə cari mövsümün debütantı "Breşiya"ya qol vurmaqla, A Seriyasında debüt edən komandalara qarşı son 20 oyunda 21-ci qoluna imza atdı. A Seriyası tarixində öz evində heç vaxt SPAL-a məğlub olmayan "Yuventus"un (14 qələbə, 5 bərabərlik) ilk qoluna imza atan Pyaniç 2007/08 mövsümündən sonra 27 qolla Avropanın "top-5" liqalarında cərimə meydançası xaricindən ən çox vuran dördüncü futbolçu ünvanına sahib oldu (Messi - 69, Ronaldo - 54, Zlatan - 35). Digər Turin təmsilçisi "Torino" isə ardıcıl 10 çempionat oyunudur ki, qapısında qol görür. 

-2

A Seriyasının altıncı həftəsinin oyunlarında müşahidə olunan azarkeş statistikası:

"Yuventus" - SPAL - 38 995 (94%)

"Sampdoriya" - "İnter" - 23 694 (64%)

"Sassuolo" - "Atalanta" - 12 500 (53%)

"Napoli" - "Breşiya" - 45 000 (75%)

"Leççe" - "Roma" - 26 044 (77%)

"Udineze" - "Bolonya" - 21 361 (85%)

"Latsio" - "Cenoa" - 22 000 (30%)

"Kalyari" - "Verona" - 15 847 (98%)

"Milan" - "Fiorentina" - 48 367 (60%)

"Parma" - "Torino" - 15 001 (54%)

A Seriyasının altıncı həftəsində ümumilikdə oyunları stadionlarda 268 min 808 azarkeş izləyib və bu, orta hesabla hər oyuna təxminən 26 min 880 azarkeş deməkdir. Ən az azarkeş "Sassuolo" - "Atalanta" oyununda, ən çox azarkeş isə yenidən "San Siro"da, amma bu dəfə evində "Fiorentina"nı qəbul edən "Milan"ın oyununda müşahidə edildi. Hərçənd "Milan"ın ardıcıl uğursuzluqlarından sonra, oyunun sonunda meydanda olan azarkeşlərin sayı təxminən ikiqat azalmışdı. Azarkeşlər məhz bu yolla komandanın qənaətbəxş olmayan nəticələrinə etirazlarını bildirirdilər. Ümumi stadionun həcminə görə isə ən böyük anşlaq yenidən Sardiniyada müşahidə edildi: stadionun təxminən 98%-i dolmuşdu. 

Kobudluqlarla bağlı statistikaya gəlincə, bu tur hakimlər 50 dəfə vərəqə üçün əllərini ciblərinə salmalı oldu: 46 sarı (orta hesabla hər oyuna 4,6)  və 4 qırmızı (orta hesabla 0,4). İlk altı həftədən sonra A Seriyasında ən çox kobudluq edən oyunçu "Verona"dan Sofyan Amrabatdır (15 dəfə), ən çox kobudluğa məruz qalan futbolçu isə çempionatın bombardirlərindən biri və "Torino"nun lideri Andrea Belottidir (22 dəfə). "Cenoa"dan Kristian Romero isə 2018/19 mövsümündə çempionatdakı debütündən sonra ən çox vərəqə görən futbolçudur: 16 vərəqə (14 sarı, 2 qırmızı). 

Çempionatın gedişatında ardıcıl uğursuzluqlar bəzi məşqçilərin yerlərinin laxlamasına səbəb olub. Heç şübhəsiz ki, bu siyahıda ilk üçlükdə "Milan"ın Campaolosu, "Sampdoriya"nın Di Françeskosu və "Cenoa"nın Andrezollisi qərarlaşıblar. Mətbuatın yazdıqlarına inansaq, 7-ci həftə nəticə baxımından bu üç məşqçi üçün çox həlledicidir. Belə ki, öz evində "Fiorentina"ya bərbad oyunu ilə məğlub olan "Milan", 1938/39 mövsümündən sonra ilk dəfə A Seriyasına bu cür uğursuz start verib. Onda da "Milan" ilk 6 oyunun 4-də məğlub olmuşdu. Bu, həmçinin "rossonerilər"in son 10 çempionatda 5-ci dəfə öz evində "Fiorentina"ya məğlubiyyəti idi. "Bənövşəyilər" bu mənada liderdilər. Bundan başqa, "Milan" 2017-ci ilin may ayından sonra ilk dəfə idi ki, ardıcıl iki ev oyununda məğlub olurdu. Əvəzində yavaş-yavaş öz oyununu tapan "Fiorentina" isə 2018-ci ilin dekabr ayından sonra ilk dəfə ardıcıl iki oyunda qələbə qazandı.

-3

Çempionatın lideri və Milan şəhərinin digər təmsilçisi "İnter" isə ardıcıl 6 qələbə ilə 1966/67 mövsümündən sonra ikinci dəfə 100%-lıq nəticə ilə yoluna davam edir. Bu, həmçinin "nerazzurri"nin son 5 oyunda "Sampdoriya"ya heç bir şans verməməsi demək idi. Antonio Konte isə son 25 ildə A Seriyasının ilk altı oyununda bütün oyunları qazanan dörd məşqçi sırasına daxil oldu: Çiro Ferrara ("Yuventus", 2009-cu il), Rudi Qarsiya ("Roma", 2013-cü il), Alleqri ("Yuventus", 2014-cü il). "İnter"in turnir cədvəlində ən yaxın izləyicisi "Yuventus" ardıcıl 24 matçdır ki, öz evində məğlub olmur. Son 12 oyunda minimum bir dəfə fərqlənən "Atalanta" isə son 11 oyunda "Sassuolo"ya məğlub olmadığı halda, "Udineze" ardıcıl 4 oyundur ki, "Bolonya"nı məğlub edir. Çempionatın liderləri sırasına qayıtmağa çalışan "Roma" da çempionatın son 12 oyununda 10-cu dəfə qələbə qazandı.

Ardı var...