İtaliya futbolunun döyünən ürəyi - A Seriyasına mövsüm ərzində ümumilikdə 38 serenada həsr etmək niyyətindəyəm. İlk serenadadan başlayaq. Ümid edirəm ki, davamlı olacaq.
Tiffozilərin səbirsizliklə gözlədiyi A Seriyası düz 90 günlük aradan sonra başladı. İlk turun nəticələrinə əsasən, ev sahiblərindən üç, qonaqlardan isə beş komanda uğurlu starta sevindi, iki oyunda isə komandalar bərabərliklə kifayətləndi. İlk tur rekordla yadda qaldı. Belə ki, bu tur 33 qolla XXI əsrdə çempionatlar tarixinin ən məhsuldar ilk həftəsi oldu. Çempionatın 20 komandalı dönəmlərini nəzərə alsaq, hətta ilk həftə üzrə qol rekordunun qırıldığını da deyə bilərik.
İlk oyun çempionatda ən çox komanda ("Parma", "Bolonya", SPAL və "Sassuolo") ilə təmsil olunan iki regiondan biri - Emiliya-Romanyanın Parma şəhərində baş tutdu. Eyni şəhərin eyniadlı komandası öz evində son çempion - "Yuventus"u qəbul edirdi. Çempionatın başlanğıc fitini isə Neapoldan olan hakim Fabio Mareska səsləndirdi. "Ennio Tardini”də oturacaqların 71%-i (20 073 azarkeş) dolmuşdu. İlk qol da məhz bu stadionda vuruldu. "Yuventus"un kapitanı və karyerası ərzində ilk dəfə çempionatın açılış həftəsində qol vurmağı bacaran Corco Kyellini fərqləndi. Mövsümün ilk hakim cəzası da sözügedən matça aiddi. Belə ki, ev sahibi komandanın yeni transferi, Makedoniya əsilli, 19 yaşlı isveçli futbolçu Deyan Kulusevski 27-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırıldı.
Tur ərzində hakimlər futbolçulara 46 vərəqə göstərib. Bunlardan 44-ü sarı (orta hesabla hər oyuna 4.4), ikisi isə qırmızı vərəqə (orta hesabla hər oyuna 0.2) idi. Mövsümün ilk qırmızı vərəqəsini "Verona" – "Bolonya" oyununda ev sahibi komandanın müdafiəçisi Pavel Davidoviç aldı. Tur ərzində vərəqə üçün əlini ən çox cibinə salan hakim isə "Torino" – "Sassuolo" qarşılaşmasını idarə edən Maurizo Marani oldu – 7 dəfə. Kobudluq səbəbilə mövsümün ilk penaltisi "Fiorentina" – "Napoli" oyununda Davide Massa tərəfindən təyin olundu. İlk penaltini icra edən isə "Fiorentina"nın "Bolonya"dan transfer etdiyi Erik Pulqar oldu. Bu oyun həmçinin həftənin ən məhsuldar oyunu idi. Belə ki, "neapollular" 7 qolun qeydə alındığı matçdan 4:3 hesabı ilə qalib ayrıldılar.
Çempionatın ilk turu bir çox futbolçu üçün əlamətdar oldu. İnsinye karyerasında ilk dəfə bir oyunda komandasının vurduğu 4 qolun hamısında iştirakçı oldu: 2 qol, 2 məhsuldar ötürmə. "Sampdoriya" ilə oyunda dubl edən İmmobile İtaliya çempionatlarında özünün 100-cü qoluna imza atdı. Dublla yadda qalan daha bir futbolçu - Luis Muriel isə hazırda A Seriyasında karyerasını davam etdirənlər arasında çempionatın ilk həftəsində ən çox fərqlənən oyunçu oldu – 2011/12 mövsümündən etibarən 8 dəfə. Nəticədə, hər üç futbolçu çempionatın ilk həftəsindən sonra bombardirlik siyahısında liderliyi ələ keçiriblər. Qolla bağlı daha bir maraqlı statistika: "Milan"la oyunda fərqlənən, yeni transfer Rodriqo Bekao 2012-ci ilin avqustundan sonra, Maykosuelin ardınca debüt oyununda rəqib qapısına yol tapan ilk "Udineze" futbolçusu oldu.
İlk turda ən çox azarkeş ötən ilin azarkeş rekorduna sahib "İnter"in oyununda qeydə alındı. Debütant "Leççe" ilə oyunu "Cuzeppe Meatsa"da 64 188 (80%) azarkeş izləyib. Stadionun həcminə görə ən az azarkeşin müşahidə edildiyi oyun isə Ferrarda SPAL və "Atalanta" arasında baş tutan matç idi – 11 706 (72%) azarkeş. Əsl anşlaq isə Nainqqolanı yenidən komandaya cəlb edən "Kalyari"nin A Seriyasına qayıdan "Breşia" ilə oyununda baş tutdu. 16 233 nəfərlik tutumu olan "Sardiniya Arena”ya 16 099 nəfər (99%) toplaşmışdı.
İlk həftədə stadionlarda müşahidə edilən azarkeş sayının statistikası:
1. "Parma" – "Yuventus" - 20 073 azarkeş (71%)
2. "Fiorentina" – "Napoli" - 33 614 (77%)
3. "Udineze" – "Milan" - 24 584 (97%)
4. "Kalyari" – "Breşia" - 16 099 (99%)
5. "Verona" – "Bolonya" - 16 324 (41%)
6. "Roma" – "Cenoa" - 38 779 (53%)
7. "Sampdoriya" – "Latsio" - 19 500 (53%)
8. SPAL – "Atalanta" - 11 706 (72%)
9. "Torino" – "Sassuolo" - 16 536 (59%)
10. "İnter" – "Leççe" - 64 188 (80%)
Yeni mövsüm çempionatın 7 komandasının sükanı arxasında yeni baş məqşçi ilə start götürdü. Onlardan yalnız ikisi – Antonio Konte ("İnter") və əyani olaraq pnevmaniya səbəbindən sükanı arxasında olmayan Mauritsio Sarri ("Yuventus") qələbəyə sevindilər. Birincisi böyük hesablı qələbə (4-0) ilə yanaşı, yeni komandasının tarixində, Cuzeppe Meatsa və Elenio Erreradan sonra A Seriyasının ilk oyununda dörd qolluq fərqlə qələbə qazanan üçüncü baş məşqçi oldu. Bundan başqa, Konte 25 ildən sonra ilk dəfə məcburi prosedur hesab edilməyən - "İnter"in oyun öncəsi sifariş ərizəsini rəsmən açıqlamadı. Bir-birinin xələfi və sələfi olan Marko Campaolo ("Milan") və Di Françesko ("Sampdoriya") yeni komandalarında uğurlu starta nail ola bilmədilər. Paulu Fonseka ("Roma"), İvan Yuriç ("Verona") və Andreazolli ("Cenoa") yeni komandalarının ilk oyunlarında bərabərliklə kifayətləndilər.
Heç şübhəsiz ki, mövsümün ilk həftəsinə damğa vuran hadisə hazırda leykemiya ilə mübarizə aparmasına baxmayaraq, komandası "Bolonya"nın sükanı arxasında işinə davam edən Sinişa Mixayloviçin oyunu məhz öz sükanı arxasında izləməsi oldu. Bu hadisə ertəsi gün bütün İtaliya və dünya mətbuatında gündəmə çevrildi. İnanaq ki, Sinişa qısa zamanda mübarizədən qalib ayrılıb, sağlam şəkildə komandasının uğurları üçün çalışacaq.
Ardı var...