Quba daim qəhrəman övladların yetişdiyi məkanlardan olub, Fəth Əlilərin, Şeyx Əlilərin davamçıları hər zaman ölkə tarixində iz qoyublar. Bu torpaq Mehrablar və Şahinlər kimi neçə-neçə mərd oğulların yurdudur! Bu gün onlardan biri barədə bəhs edəcəyik - İLK DƏFƏ - EKSKLÜZİV YAZI + FOTOLAR - Novruzəliyev Qonaqbəy Mövlan oğlu - "Şöhrət" ordeninin tam kavaleri!
İlk illəri
Qonaqbəy Novruzəliyev, 1918-ci ildə Azərbaycanın Quba rayonunun Nügədi kəndində anadan olub və Qubada kənd təsərrüfatı texnikumunu bitirib, mexanik kimi fəaliyyət göstərib.
Xidmətə çağırılması
1941-ci ildə Qırmızı Ordu sıralarına çağırılıb. Döyüş yoluna Vladiqafqaz yaxınlığından başlayır və artilleriya qoşunlarında Ukraynanın müdafiəsində iştirak edir, Jitomir yaxınlığında mühasirəyə düşüb, bütün dəstə həlak olur, lakin o yaralı halda əsir götürülür. Novoqrad-Volınskidəki düşərgəyə yerləşdirilir, yerli döyüşçülərin köməyi sayəsində bir qrup Qırmızı Ordu əsgəri ilə oradan qaçmağı bacarıb və 2 ilə yaxın partizan dəstəsinin kəşfiyyatçısı olaraq Mixail Romanyukun dəstəsində düşmənlə döyüşməyə davam edib.
1944-cü ilin əvvəlində Ukraynanın bir hissəsi azad edildikdən sonra 18-ci Ordunun (4-cü Ukrayna Cəbhəsi) 351-ci Piyada Diviziyasının 1159-cu piyada alayına sıravi pulemyotçu kimi daxil olub.
Müharibədə fərqlənməsi
Ukrayna uğrunda!
1944-cü il yanvarın 28-də Qonaqbəy Novruzəliyev ikinci dəfə yaralansa da, xidmətdə qalıb. 1944-cü il may ayının əvvəlində 351-ci piyada diviziyasının bölmələri Mixalkov kəndi ərazisində (Ukraynanın İvano-Frankovsk vilayətinin Horodenka şəhərindən 36 km qərbdə) ağır döyüşlər apardı.
1944-cü il mayın 3-dən 4-nə keçən gecə gedən döyüşdə, ağır şəraitdə, bütün zabit korpusu darmadağın edilərkən, Qızıl Ordunun əsgəri Novruzəliyev pulemyotçular rotasının komandanlığını öz üzərinə götürdü. Bir bölməyə komandanlıq edərək, üstün düşmən qüvvələrinin beş əks hücumunu dəf etdi. Eyni zamanda, əsgərləri ilə birlikdə 25 nasisti məhv etdi, onlardan beşini Qonaqbəy şəxsən öldürdü. Onlar öz mövqelərini qorumağı bacardılar. Etdiyi şücaətə görə Novruzəliyev 26 may 1944-cü il tarixli əmrlə 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilmişdir. Bundan əlavə, 9 iyun 1944-cü il tarixli əmrlə o, həm də “İgidliyə görə” medalı ilə təltif edilmişdir. Novruzəliyevə “çavuş” hərbi rütbəsi verilib və pulemyotçular rotasının taqım komandiri vəzifəsinə təyin edilib.
1944-cü il iyulun 13-dən avqustun 29-dək 351-ci atıcı diviziyası 1-ci Ukrayna Cəbhəsinin qoşunlarının tərkibində Lvov-Sandomierz hücum əməliyyatında iştirak etdi. 1944-cü il iyulun 31-də Ukraynanın İvano-Frankovsk vilayətinin Dolina şəhərinin kənarında döyüşlərdə üstün düşmən qüvvələrinin hücumları ilə qarşılaşır. Mühasirəyə alınan çavuş Novruzəliyev gün ərzində öz dəstəsini dörd dəfə hücuma aparıb. Nəticədə düşmənin döyüş birləşmələrinə soxulan pulemyotçuları 30-a qədər nasisti məhv etdi, Qonaqbəyin özü isə alman minaatanlarının mövqeyinə yaxınlaşaraq düşmən minaatanını ekipajı ilə birlikdə məhv edib. Bu döyüşdə çavuş üçüncü dəfə yaralanır və xəstəxanaya çatdırılır. Dolina şəhərinin düşməndən azad edilməsi zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə 1944-cü il 23 avqustunda çavuş Novruzəliyev 2-ci dərəcəli “Şöhrət” ordeni ilə təltif edilib. 1944-cü ilin sentyabrında o "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
Çexoslovakiyanın azadlığı uğrunda!
1944-cü ilin payızında 351-ci piyada diviziyası Karpat dağlarında döyüşdü. Qonaqbəy bu döyüşdə sıravi pulemyotçu kimi iştirak edib. Onun hansı şəraitdə çavuş rütbəsindən məhrum edildiyi məlum deyil.
1944-cü il sentyabrın 9-da Bolt kəndi və eyniadlı dağ (Ukraynanın Ujqorod şəhərinin cənub-şərqi) uğrunda gedən döyüşdə Qırmızı Ordunun əsgəri Qonaqbəy Novruzəliyev düşmənin minalanmış sahəsini keçən ilk nəfərlərdən biri olub, hündürlüyə qalxıb və düşmən səngərində altı alman əsgərini pulemyot atəşi ilə məhv edib. Karpat keçidləri ərazisində Qonaqbəy növbəti hücum zamanı düşmənin beş əsgərini məhv etdi.
31 oktyabr 1944-cü ildə artıq Çexoslovakiya ərazisində yerləşən Bejevtsı kəndi yaxınlığında gedən döyüşdə düşmənin əks hücumunu dəf edərkən üç nasisti məhv etdi. Karpat aşırımlarında gedən döyüşlərdə göstərdiyi şücaət və cəsarətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 mart 1945-ci il tarixli Fərmanı ilə Qonaqbəy Mövlan oğlu Novruzəliyev 1-ci dərəcəli “Şöhrət” ordeni ilə təltif edilmişdir və bununla da 1941-45-ci illər müharibəsində “Şöhrət” ordeninin üç dərəcəsi ilə təltif edilmiş 10 Azərbaycanlı döyüşçüdən biri olmuşdur (həmçinin digər qubalı, Qarovulüstü kənd sakini Aslan Tərlan oğlu Aslanov da fəxrlə bu siyahıda yer alır).
Müharibə bitdi
Ukraynaya geri qayıtması və "sağ qalmaq" hekayəsi
1945-ci ilin sentyabrında tərxis olunduqdan sonra Ukraynaya qayıtdı və azadlığı uğrunda döyüşdüyü Jitomir vilayətinin Oçeretyanka kəndində məskunlaşdı. Onun haqqında məqalə hazırlayan Sergey Karqapoltsev onun həmin kənddə vaxtilə Novruzəliyevin həyatını xilas etmiş xanımla ailə həyatı qurduğunu yazmışdır. Qeyd olunur ki, Olqa Tkaçuk adlı xanım onu əsir düşərgəsindən yaralı və halsız halda qaçdıqdan sonra meşədə tapır, Qonaqbəyi üzəri otla örtülmüş arabaya mindirib və gizlin şəkildə evinə gətirir.
Faciəvi vəfatı və xatirəsi
Müharibədən sonra Oçeretyanka kəndində yaşayıb və kolxozda mexanizator, rayon maliyyə idarəsində maliyyə müfəttişi kimi çalışıb. 11 iyun 1951-ci ildə bədbəxt hadisə nəticəsində əfsanəvi pulemyotçu, partizan və kəşfiyyatçı bu dünyaya gözlərini yumur və adı çəkilən kənddə dəfn edilir.
Ukrayna SSR Nazirlər Sovetinin 31 may 1990-cı il tarixli qərarı ilə Oçeretyanka məktəbinə “Şöhrət” ordeninin tam sahibi Qonaqbəy Novruzəliyevin adı verilmişdir. Kənddə Novruzəliyevin xatirə lövhəsi və həmçinin adını daşıyan böyük təsərrüfat tarlası var.
Sovet hərbi arxivlərində onun adı Kunakbek, Kunanbek, Kupanbey və ya Qonaqbey kimi keçir. O, hamımız kimi bu həyata "qonaq" kimi gəldi, amma çoxumuza nəsib olmayan şəkildə "bəy" kimi bir yaddaş qoydu, fəxr olunası bir xatirə buraxdı.
Mən onun araşdırmaçısı kimi ....
Onun həyatının araşdırmaçısı kimi Oçeretyanka kənd sakinləri ilə söhbət etdim, təəssüf ki, onun nəslinin davamçıları artıq həmin kənddə yaşamırlar, amma uzun araşdırmalardan sonra Jitomirdə hələ də Novruzəliyevin Raya Liytvin-Novruzəliyeva adlı qızının yaşadığı ilə bağlı etibarlı məlumat əldə edə bildim, ona sağlıqlı ömür arzu edirəm.
Taleyin yazısı budur ki, yaxın Nügədidə onun doğulduğu evin tapılması üçün işlərim faydasız oldu. Xeyli müddət əvvəl, Ukraynadan nümayəndə heyəti Novruzəliyevin qardaşı oğlu ilə görüşmüş, Nügədidə onun doğulduğu evi və qohumlarını (hətta məzarlarını) ziyarət etmişlər, təəssüf ki, mən bunu edə bilmədim.
Kənddən özəl olaraq kanalımızın izləyiciləri və onlar üçün doğma olan Novruzəliyevin həmvətənliləri üçün göndərilən fotoları məqalədə tapa bilərsiniz.
Bu işdə mənə dəstək olan Ukraynanın Jitomir vilayətinin Pulın rayonunun Oçeretyanka kənd sakinlərinə dərin minnətdarlığımı və salamlarımı çatdırıram. Onlara sülh, firavanlıq və xoşbəxtlik nəsib olsun, bir daha müharibə "qapılarını döyməsin". Ən əsas təşəkkür həm də ona görədir ki, qəhrəmanlarını unutmurlar!
Я щиро вдячний жителям села Очеретянка Пулинського району Житомирської області України за їхню підтримку в цій роботі. Висловлюю найкращі побажання миру, процвітання та щастя для них. Сподіваюся, що війна не стане ніколи реальністю для їхнього життя. Велике спасибі за те, що не забуваєте про своїх героїв.
Telegram-da "Quba Xanlığı" səhifəsinə abunə olmaq üçün linkə klik et.