Ötən ildən pandemiyanın yayılması ölkədə fəaliyyət göstərən ikinci əl avtomobil bazarlarının, müxtəlif avtomobil salonlarının fəaliyyətini dayandırmasına səbəb oldu. Belə olan halda avtomobil almaq istəyənlər daha çox onlayn alqı-satqı platformalarına üz tutdular. Bir müddət sonra isə bu bazar və salonların fəaliyyəti yenidən bərpa edildi. Lakin bununla belə hər ay apardığımız araşdırmalarda avtomobil bazarında dinamikliyin pandemiyadan əvvəlki dövrlə müqayisədə xeyli aşağı olduğunu müşahidə edirdik.
“Report” bu ilin ilk rübündən sonra Azərbaycanın avtomobil bazarında vəziyyətin necə olması ilə maraqlanıb.
Paytaxtda avtomobillərin alqı-satqısı ilə məşğul olan şəxslərdən birinin “Report”a verdiyi məlumata görə bazarda qiymətlər yüksək olaraq qalır:
“Avtomobil bazarında satışlar dayanıb. Səbəb odur ki, qiymətlər çox bahadır. 2000-ci ilə qədər istehsal edilmiş “Mercedes C Class” modellərinin qiyməti 9-15 min manat arasında dəyişir. Bazarda 12-25 min manat aralığında qiymətə “Hundai Sonata”, “Hundai Elantra”lar satılır. “Kia Cerato” modellərinin qiyməti 15-23 min manat arasında olur. Rusiya istehsalı olan avtomobillərin də qiyməti çox yüksəkdir. Bir də görürsən ki, 1985-1986-cı illərin “Vaz-2106” modelini 4 000-5 000 manata satırlar”.
Müsahibimiz alıcıların əsas tələbatının ABŞ-dan gətirilən maşınlara olduğunu bildirib:
“Hazırda əsas tələbat ABŞ-dan gətrilən “Chevrolet Cruze” modelləri və Almaniyanın “Opel” və “Mercedes” avtomobillərinədir. Lakin bunların da satışı elə yüksək deyil. Ümumilikdə bazarda aylardır satılmayan xeyli avtomobil var. “Chevrolet Cruze” modellərinin qiyməti 14-18 min manat aralığındadır. Son vaxtlar gündəmə gələn “katalizator” problemi “Toyota Prius” avtomobillərinin satışını bir qədər dayandırıb. Avtomobil alanlar əsasən dizel mühərrikli və qənaətcil avtomobillərə üz tuturlar”.