Almaniyaya Azərbaycandan müvəqqəti və daimi yaşayış üçün köçmək üçün bir neçə üsullardan ən geniş yayılmışı iş yoluyla köç etməkdir.
Almaniya Avropada işsizliyin ən aşağı olduğu ölkələrdən biridir. 2019-cu ilin oktyabr ayına olan göstəricilərə görə Almaniyada işsizlik səviyyəsi 3.1 faizə bərabərdir. İqtisadi nəzəriyyəyə görə işsizlik səviyyəsi 4%-dən aşağı olan ölkədə işsizliyin praktiki olaraq mövcud olmaması qəbul edilib. Almaniya da belə ölkə sayıla bilər. Ona görə də Almaniyada iş tapmaq çox asandır. Amma əgər başqa ölkədən olan şəxs Almaniyada iş tapmaq və bu yolla Almaniyaya köçmək istəyirsə işlər bir az çətinləşir. Əgər xaricdən gələn şəxs Avropa Birliyindəki hər hansı ölkənin rezidenti və ya vətəndaşıdırsa, həmin şəxsin Almaniyada işləməsinə və yaşamasına heç bir məhdudiyyət qoyulmur. Məsələn, Gürcüstan və ya Ukrayna yaxın illərdə AB üzvü olarlarsa, həmin ölkələrdə yaşayan azərbaycanlılar avtomatik olaraq Almaniya və ya AB-nin digər ölkələrində sərbəst və məhdudyyətsiz işləmək hüququ qazanacaqlar. Azərbaycanın yaxın illərdə AB üzvü olmaq planı olmadığı üçün Azərbaycan vətəndaşları Almaniyada işləmək üçün daha çətin prosedurdan keçməlidirlər. Almaniyaya iş vizası almaq üçün ilk olaraq mütləq Almaniyadakı şirkətdən tam ştat iş müqaviləsini almaq lazımdır. Frilans yaxud yarımştat işlər üçün iş vizası verilmir. İş vizasının özü də iki yerə bölünür, Göy Kard (Blue Card) vizası və adi iş vizası. Göy Kard vizası adətən yüksək ixtisaslı işçilərə verilir, adi iş vizasından fərqi odur ki, Almaniyada daimi oturum almaq üçün Göy Kard sahibi 33 aydan sonra (B1 səviyyəsində alman dilini bilirsə 21 aydan sonra), adi iş vizası sahibi isə 60 aydan sonra müraciət edə bilər. Almaniyada Göy Kard almaq üçün minimum illik brutto (vergiləri çıxmazdan qabaq) maaş səviyyəsi 55.200 avro, işçi çatışmazlığı olan ixtisaslar (mühəndis, elmi işçi, həkim və s.) üçün isə 43.056 avro olmalıdır. Göy Kard üçün tələb olunan maaş səviyyəsi hər il yüksəlir, ona görə gələcək illər üçün maaş səviyyəsini bilmək istəyənlər bu məlumatı özləri araşdırmalıdır.
Almaniyadan iş təklifi alan şəxs vizaya özü müraciət etməlidir, şirkət heç vaxt onun yerinə vizanı təşkil etmir. Mənim bir tanıdığım şəxs Almaniyadan iş təklifini aldıqdan sonra şirkətin ona viza təşkil edəcəyini zənn etdiyi üçün vizanı almaq üçün heç bir iş görməyib, işin başlamasına az qalmış şirkət ondan vizanı alıb-almadığını soruşanda heyrətə gəlib. Nəticədə həm şirkət, həm işçi çoxlu zaman itiriblər.
Almaniyaya iş vizasını almaq istəyən şəxs yaşadığı ölkədəki Almaniya səfirliyindən görüş günü təyin etməlidir. Bakıdakı Almaniya səfirliyində görüş günü təyin edilməsi qaydaları bu səhifədə izah olunub.
https://baku.diplo.de/az-az/service/visa-einreise/-/2073786
Bunun üçün mütləq vətəndaşı olduğun ölkəyə getmək vacib deyil. Məsələn, Azərbaycan vətəndaşı əgər Moksvada yaşayırsa və Almaniyadan iş təklifi alıbsa, Almaniya vizası əldə etmək üçün elə Moskvadakı Almaniya səfirliyinə müraciət edə bilər, bunun üçün Azərbaycana gəlməyə ehtiyac yoxdur. Səfirlikdə görüş günü təyin etdikdən sonra aşağıdakı viza sənədləri hazırlanmalıdır.
1. 2 ədəd alman dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış ərizə forması
2. Xarici pasport, ən az 2 boş səhifəsi olmaqla
3. Şəxsiyyət vəsiqəsi (əsli + 2 ədəd surəti)
4. 2 ədəd biometrik pasport şəkli (3,5x4,5; 6 aydan köhnə olmamalı)
5. Dəqiq vəzifəni, müqavilənin müddətini, iş saatlarını, vergilər çıxmadan aylıq əmək haqqının məbləğini əks etdirən əmək müqaviləsi yaxud işə götürülmə haqqında təsdiq (əsli + 2 ədəd surəti)
6. Tərcümeyi-hal (əsli + 2 ədəd surəti)
7. Almaniyanın müvafiq idarəsi tərəfindən tanınılmış ali məktəb diplomu (əsli + 2 ədəd surəti)
8. Alman/ ingilis dili biliklərinə dair təsdiq sənədi (əsli + 2 ədəd surəti)
9. Almaniyaya daxil olduğunuz vaxtdan əmək fəaliyyətinə başlayacağınız tarixə qədər tibbi sığorta haqqında sənəd (sığorta ödənişinin minimal məbləği 30.000 Avro və bütün Şengen dövlətləri üçün etibarlı olmalı)
10. Viza rüsumu
Bu sənədlərin siyahısını Bakıdakı Almaniya səfirliyinin saytından götürmüşəm və 2020-ci ilin fevral ayı üçün qüvvədədir. Gələcəkdə bu siyahıda dəyişiklik olması mümkün olduğundan həmişə birbaşa səfirliyin saytında bu məlumatları yoxlayın.
Gələcək məqalələrdə Almaniya iş tapmağın üsulları, bunun üçün nələrin tələb olunması, hansı biliklərin vacib olması kimi daha ətraflı mövzulara toxunacam.