Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus (COVID-19) pandemiyasının 2-ci və daha güclü dalğası başlayıb. Artıq virusa gündəlik yoluxma sayı onlarla, yüzlərlə deyil, minlərlə ölçülür. Bunu nəzərə alan hökumət xüsusi karantin rejiminin müddətini dekabrın 28-nə qədər uzadıb, şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələrdə yerində xidmətlərin dayandırılmasına qərar verib. Bu cür qadağalar isə biznesə təsirsiz ötüşə bilməz. Bəs Azərbaycan sahibkarları “ayaq üstə” qalmaq üçün nə etməlidir? “Report” bu məsələlərlə bağlı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.
“Dövlət bütün yükü üzərinə götürə bilməz”
Onun fikrincə, yerli biznesin çətin günləri hələ qabaqdadır və dövlət pandemiya ilə bağlı bütün yükü üzərinə götürə bilməz: “Mövcud şərtlər daxilində dövlətin maliyyə yükü formalaşıb. Üstəlik sentyabrın 27-dən sonra torpaqların işğaldan azad edilməsi ilə bağlı əməliyyatların da maliyyə yükü olub. İstənilən halda post-müharibə və post-pandemiya dövründə Azərbaycan iqtisadiyyatının əsas lokomotivi məhz kiçik və orta sahibkarlıq subyektləri olacaq və onların pandemiya dövrünü hansısa formada fəaliyyətlərinin davam etdirilməsi təmin edilməlidir. Hesab edirəm ki, ilk olaraq fəaliyyətlərin tam olaraq məhdudlaşdırılması istiqamətində qərarlar qəbul edilməməlidir. Müəyyən şərtlər daxilində, müəyyən gigiyenik normalara əməl edilməklə fəaliyyətin davamlılığı təmin edilməlidir. İqtisadi fəaliyyət sahəsində tam olaraq fəaliyyətin məhdudlaşdırılmasına gedilməməlidir.