L.N.Tolstoyun sözlərinə görə, onlar Fyodor Tütçevlə (1803–1873) həyatda ən uzağı on dəfə görüşə biliblər. Amma daxili, mənəvi doğmalıqları iki dahi insanı bir-birinə möhkəm bağlamışdı. Tolstoyla Tütçevin son görüşü şairin ölümündən iki il əvvəl 1871-ci ilin avqustunda, qatarda olub. N.N.Straxova (rus filosofu, publisist, ədəbi tənqidçi – 1828–1896) yazdığı məktubunda bu təsadüfi görüşü təsvir edən Tolstoy etiraf edir: «Mən Sizdən və ondan başqa eyni cür düşündüyüm və eyni cür hiss etdiyim başqa bir adam tanımıram».
Bildiyimiz kimi, Tolstoyun bütün ömrü boyu dünyaya baxışı bir neçə dəfə dəyişilib. O, «Anna Karenina» romanını 1873-cü ilin yazında yazmağa başlamışdı. Həmin dövrlərdə Tolstoyun daxili aləmi, xüsusilə, Tütçevin fəlsəfi əhval-ruhiyyəsinə yaxın idi. Şair haqqında Tolstoyun belə bir fikri də mövcuddur: «Məncə, Tütçev şair kimi birincidir! Sonra Lermontov, ondan sonra da Puşkin gəlir… Tütçevi oxumağı unutmayın! Onsuz yaşamaq mümkün deyil! Puşkinin gücü, mənim fikrimcə, başlıca olaraq onun prozasındadır… Tütçevsə lirik kimi Puşkindən müqayisə olunmayacaq dərəcədə dərindir».
Lev Tolstoy sənətdə, ədəbiyyatda geniş şəkildə qəbul olunmuş adlar heç vaxt qəbul etmirdi. Uşaqlıqdan özü bu cür adamları kəşf etməyi bacarırdı. Bəzən isə, hətta həmsöhbətini qəti səsləndirdiyi fikirləri ilə təəccübləndirirdi: "Şeir yazmaq yer şumlamaq və kotanın arxasında rəqs etmək kimi bir şeydir, bu sözə qarşı hörmətsizlikdir". Lakin bu sözləri deyən adam həm də Tütçevin «Silentium»-nu oxuyub ağlayan adamdır. Onun çağdaşlarından biri haqlı olaraq deyirdi: Tolstoy yaxşı olan hər hansı bir şeyi sevməyə bilərdi, amma onun sevdiyi hər bir şey yaxşı idi.
Keçək «Anna Karenina” romanıyla F.Tütçev lirikasının oxşar cəhətlərinə.
Romanın əsasını təşkil edən Anna Kareninanın faciəvi taleyi əvvəldən ta axıracan Tütçevin XIX əsrdin 50–60-cı illərini əhatə edən poeziyasındakı lirik qəhrəmanın sevgi tarixçəsini eyniylə təkrar edir. Sözsüz ki, burada şairin öz taleyi də az rol oynamayıb. Milliyyətcə alman olan Ernestina Pfeffel-Dörnberqlə artıq on ildən çox evli ola-ola o, sovet gözəli Yelena Aleksandrovna Denisova aşiq olmuşdu. Və poeziyasının 50–60-cı illərini tam olaraq ona həsr etmişdi.
Tütçevin „poetik sevgi romanıyla“ Lev Tolstoyun „Anna Karenina“ romanının özünəməxsus doğmalığından əminliklə söz açmaq olar. Janr baxımdan tam fərqli olan bu əsərləri klassik rus ədəbiyyatının real həqiqətlərinin yeni kriteriyaları birləşdirir. Ənənəvi sevgi romanının və poetik silsilənin əsasını kübar cəmiyyətin əxlaq qanunlarına qarşı çıxan bir qadının faciəsi təşkil edir.
Yazıçı üçün ən çətin işlərdən biri portreti yarada bilməkdir. Biz obrazın reallığına nə qədər inana biliriksə, qəhrəmanın əməllərini nə qədər çox hiss ediriksə, duya, dərk edə biliriksə müəllifin də istedad dərəcəsi bir o qədərdir.
Tolstoy romanın birinci hissəsi uzunu Annanı təsvir edərkən bir xarakterik detalı – onun gülüşünü müxtəlif şəkildə göstərir. Onun təbəssümü üzündə tam görünməyərək gah gözlərində titrəyir, gah dodaqlarının küncündə gizlənir. Bu cür ancaq həyat dolu, sevgi dolu, yalnız bir anın xoşbəxtliyi ilə yaşayan Anna gülə bilərdi:
»...dodaqları və gözləri arasında oynayan təbəssümüylə...”
"...üzündə yaranan gah təbəssümünə, gah da baxışlarına yansıyan canlanma, bəzən ciddi, bəzən də ki, kədərli gözləri adamı heyrətləndirərək özünə cəzb edirdi..."
"...gözləri sevincdən parıldayırdı və təbəssümü dodaqlarını büzürdü. O, sanki bu sevinc əlamətlərini gizlətməyə çalışırdı, amma onlar özü-özünə onun üzünə yansıyırdı".
"...gözlərindəki titrəyən, qaynayan parıltı, dodaqlarını özündən asılı olmayaraq qaçıran xoşbəxtlik təbəssümü, həyəcan..."
"...Anna gülümsəyirdi. Və bu təbəssüm ona da yansıyırdı".
"...sanki üzünün ətrafında qanad çalan təbəssüm..."
Tütçev də xanım qəhrəmanının cazibədar portretində onun məhz dodaqlarındakı və gözlərindəki təbəssümünü təsvir edir. Buna diqqət etməmək mümkün deyil:
«Sənin gözlərini sevirəm, dostum!
Gözlərini – alov kimi yanan!
Qəfil qaldıranda
bir anlıq ətrafa baxan...»
«Niyə gözlərinin yaşı belə,
bürünüb kədərə, qəmə...»
«Dodaqlarında təbəssüm, gözlərində parıltı...»
«Qadın gözlərinin və dodaqlarının parıltısı...!
»Mən baxışlarını tanıdım, həmin o baxışlarını!
Necə dəlicə sevirdim, bilir bircə ulu Tanrı